İkinci Dünya müharibəsi başa çatmışdı. Amma buna inanmayan bir yapon əsgər mövqeyini tərk etmir. Həmin vaxt 22 yaşı olan əsgər Hiroo Onada Filippinə məxsus Lubang adasında qulluq edirdi. O, 1944-cü ilin dekabrında adaya göndərilmişdi.
Hiroo Onada və digər əsgər yoldaşlarının vəzifəsi düşmən dəstələrinə qarşı təxribat yaratmaq idi. Bir də, onlara əmr edilmişdi ki, nə badə düşmənə təslim olalar, belə bir hal yarandığı təqdirdə mütləq intihar etsinlər...
Qışın son ayında – 1945-ci ilin fevralında müttəfiq qoşunlarının bölmələri bu adaya ayaq basır. Yapon əsgərlərin bir hissəsi təslim olur, bir hissəsi isə ələ keçməmək üçün intihar edir. Yalnız Onoda və əlavə üç yapon əsgər salamat qalır. Onlar gözlənildiyi kimi, təslim olmurlar, heç intihar da etmirlər və təpələrdə mövqe tutaraq mübarizə aparmağa başlayırlar. Amma onlara daha ərzaq göndərilmirdi. Onlar da ac qalmamaq üçün meşədən topladıqları banan, hind qozu və sairlə qidalanaraq sağ qala bilirlər.

Əsgərlər müharibənin rəsmən başa çatdığını 1945-ci ilin sonlarında təyyarədən atılan broşürlərdən oxuyub öyrənirlər. Üstəlik, onlardan tələb edilirdi ki, təslim olsunlar. Buna baxmayaraq, həmin əsgərlər düşünürlər ki, broşürlərdə yazılanlar onları tutmaq üçün uydurulan yalandır. Odur ki, təslim olmaqdan vaz keçirlər.
Amma bu cür çox dirənmək mümkün deyildi. 1950-ci ildə bu dörd əsgər dostdan biri təslim olur, 1954-cü ildə isə əsgərlərdən biri öldürülür. Sadəcə Onoda və Kinsiçi Kozuka qalır. Amma 1972-ci ildə Kozukanı da yerli polis odlu silahdan açdığı atəşlə vuraraq öldürür. Təkbaşına qalan Onoda isə Lubang adasında yaşayan canlı əfsanəyə çevrilir.
1974-cü ildə gənc macəraaxtaran Norio Suzuki qərara gəlir ki, Lubanga gedərək Onodanı tapsın. Belə də olur: o, 1974-cü il fevralın 20-də Onodanı taparaq, dostlaşır və Lubang meşələrində birlikdə yaşamağa başlayırlar.
Birlikdə olduqları vaxt ərzində, Suzuki Onodanı inandırır ki, Yaponiya dövləti onun həyatı üçün nigarandır. Amma Onoda israrlı idi: özündən yüksək rütbəli biri gələrək əmr verməyincə, meşəni tərk edə bilməz. Bunu öyrənən Suzuki Yaponiyaya qayıdıb əhvalatı hökumət nümayəndələrinə danışır, daha sonra isə vaxtilə Onodanın komandiri olmuş Yoşimi Taniguçini tapır. Suzuki və Taniguçi 1974-cü il martın 9-da Lubanga gəlirlər. Taniguçi, Onodaya əmr edir ki, təslim olaraq Yaponiyaya qayıtsın. Beləliklə, 30 il davam davam edən mübarizəsini dayandıran Onodanın da müharibəsi başa çatır.
Üç gün sonra Onoda, Filippin prezidenti Ferdinand Markosla görüşərək qılıncını təslim edir və onlardan üzr istəyir. Məlum olur ki, o, 30 illik mübarizəsi müddətində 30 nəfəri öldürüb...
Onoda Yaponiyada qəhrəman olaraq qarşlanır. Ancaq qərar verir ki, daha Yaponiyada yaşamaq istəmir və Braziliyaya köçür. Amma 10 il bu ölkədə qalandan sonra təkrarən Yaponiyaya qayıdır və orada məktəb açaraq şagirdlərə çətin şəraitlərdə necə qalmağın sirlərini öyrədir. Onoda 2014-cü ildə 91 yaşında vəfat edir...